IT-də karyera və beynəlxalq sertifikatlar (2-ci hissə)
Karyera qurmağa başlayarkən hər birimizin hansı sahədə olmağından asılı olmayaraq beynəlxalq sertifikatlar haqqında düşünürük. Beynəlxalq sertifikatların ən çox maraq göstərilən və tələb olunan sahələrindən biri İnformasiya Texnologiyaları sahəsidir. Son illərdə informasiya texnologiyaları biznesə və şəxsi həyata o qədər inteqrasiya edib ki, artıq şirkətlər və şəxslər buna qarşı biganə qala bilmirlər. Bu səbəbdən informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətlərində çalışan mütəxəssislərə ehtiyac var. İnformasiya texnologiyaları sahəsində çalışan birinin bu sahənin mütəxəssisi olmasını müəyyən etməyin asan yollarından biri onun beynəlxalq sertifikatlarının olmasıdır. Təbii ki, o qədər mütəxəssislər var ki, savadlı və biliklidirlər, amma beynəlxalq sertifikatları yoxdur. Mənim öz ətrafımda kifayət qədər dostlarım var ki, sertifikatları yoxdur. Amma çox dəyərli mütəxəssislərdir. Sertifikat tam olaraq savadı ölçməsə də, ancaq onu təsdiq edən sənəddir. Amma hər hansı vakansiyaya “CV” göndərilsə, çox vaxt birinci sertifikatı olan “CV”-yə üstünlük verilir. Daha sonra sual-cavab ilə savad və biliyiniz yoxlanılır.